Yol təhlükəsizliyinin təminatçısı – Həmzəyev Zaur Oktay oğlu – foto

Bu yaxınlarda AAY Dövlət Agentliyi 2 N -li Yol İstismarı MMC-nin direktoru Həmzəyev Zaur Oktay oğlu ilə tanış olduq. Bizi şəxsən qarşılayıb müsahibə verən Zaur Həmzəyevin bu jesti ondan xəbər verirdi ki, məsələyə ən yüksək səviyyədə diqqət var, bizi eşitmək istəyirlər, eyni zamanda bilgiləndirmək fikrindədirlər.

Onu da hiss etdim ki, məqsəd heç də tənqid yazan bir jurnalisti çəkindirmək deyil, əksinə, ümumi ictimai problemlərin həllində vətəndaş dəstəyi qazanmaqdır.

Bu yüksək rütbəli dövlət görəvlisinin qaldırdığımız məsələlərə belə həssas yanaşması sevindiricidir. Həm də ondan xəbər verir ki, şəxsən cənab nazir Vilayət Eyvazovun başçılıq etdiyi sistemdə elə nizam-intizama nail olunub, elə məsuliyyət mühiti yaradıb ki, heç bir vəzifəli şəxs yaxasını kənara çəkmir, vəzifəsinə başdansovdu yanaşmır. Təbii ki, belə bir yanaşmaya – duruma görə cənab nazirə ayrıca təşəkkür edirik.

Müsahibim özü deməsə də şəxsən özüm bir yol hərəkəti iştirakçısı kimi ildən-ilə bu sahədə baş verən müsbət dəyişiklikləri görürəm. Tam əminliklə deyə bilərəm ki, son illərdə yol-nəqliyyat hadisələrinin sayı keçən dövrlə müqayisədə kəskin şəkildə azalıb. Üstəlik, bu hadisələr zamanı ölüm halları da bir neçə dəfə azalıb. Təkcə bu fakt ondan xəbər verir ki, yollarda hərəkətin təşkilində ciddi dönüşə nail olunub və bu da təbii ki, yol polisinin xidmətidir.

Dəfələrlə bu haqda fikirlərimi də ictimailəşdirmişəm. İstər yolların abadlaşdırılması, istərsə də bütövlükdə infrastrukturun abadlaşdırılması hər kəsin gözü qarşısında baş verir.

Zaur Həmzəyevlə çox mövzuda fikirlərimizi paylaşdıq. Ümumilikdə isə, bu görüşdə bir vahid mövqedə birləşdik: Azərbaycan sürücüsü hələ də arzu edir ki, başının üzərində polis nəzarəti olsun. Niyə, nə cür? Heç şübhə etmirəm ki, bu sualın cavabı hamıya gün kimi aydındır.

Ən adi durumda bizim sürücülərimizin böyük əksəriyyəti polisin və kameraların olmadığı yerdə mütləq qayda pozuntusuna yol verir. Qırmızı işıqda keçmək, sürət həddini aşmaq, piyadalara yol verməmək, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmaq adi haldır bizim yollarda. Amma kameraların, postların və səyyar polis xidmətinin olduğu yerlərdə bu hallar ya baş vermir, ya da olduqca az rastlanır. Bu isə o deməkdir ki, bir çoxlarının başının üzərində hələ də nəzarətə ehtiyac var…

Sonda bizə dəyərli vaxtını ayırıb söhbətləşən AY Dövlət Agentliyi 2 N -li Yol İstismarı MMC-nin direktoru Həmzəyev Zaur Oktay oğluna dərindən təşəkkür edirik ki, təmkinlə, nəzakətlə bizi qəbul edib gördükləri işləri izah etdi.

 

Elvin Qurbanov

Aja-az.info