Əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin qrafikləri dəyişdirildi

COVID-19 pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının olmaması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, pensiyaların Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə aprel ayının 8-də, Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə 9-da, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə 10-da, respublikanın digər rayonları, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə 15-də ödənilməsi müəyyən edilib.

Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri aprelin 20-si və 21-i tarixlərində, ÜDSY ödənişi isə 28-də təmin ediləcək.

Pandemiya ilə əlaqədar yaşı 65 və daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 – Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

Eyni zamanda, bildirilir ki, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlər istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək olar.

Hər hansı sual yaranacağı təqdirdə, 142 – Çağrı Mərkəzinə müraciət etmək olar.