Qırğızıstanda Mehriban Əliyevanın milli mədəniyyətə verdiyi töhfələrdən danışıldı


Qırğızıstanın “Piramida” dövlət televiziya kanalında rus dilində efirə gedən “Dostluq körpüsü” proqramında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizin, o cümlədən muğamlarımızın dünyada tanınması sahəsindəki fəaliyyətinə həsr olunan veriliş yayınlanıb.
Bişkekdə yaşayan soydaşlarımiz Hökümə Xəlilova və Ramiz Məşədihəsənlinin aparıcılığı ilə efirə gedən verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən muğam televiziya müsabiqələri və xidmətlərinə görə bir sıra aparıcı dövlətlərin başçıları tərəfindən yüksək mükafatlara layiq görülməsi geniş işıqlandırılıb.
Proqramda Azərbaycanın xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Sərdar Fərəcov və muğamsevər, əməkdar mühəndis Tağı Əhmədov birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xitmətlər, muğamın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasında əvəzsiz rolu haqqında danışıblar.
“Dostluq körpüsü” verilişinin ikinci hissəsi isə tanınmış nəğməkar şair, professor Vüqar Əhmədin yaradıcılığına və Muğam televiziya müsabiqəsinin qalibi, Azərbaycan televiziyasının solisti, gənc xanəndə Almaxanım Əhmədliyə həsr olunub, onun ifasında Azərbaycan muğamları və xalq mahnıları təqdim edilib.
Xatırladaq ki, “Piramida” televiziya kanalında jurnalistlər Hökümə Xəlilova və Ramiz Məşədihəsənlinin layihəsi əsasında 3 ildir ki hər həftə efirə gedən 40 dəqiqəlik “Dostluq körpüsü” proqramında Azərbaycan və Türk Dünyası ilə bağlı müntəzəm olaraq verilişlər yayınlanır.