Narazılıqlar məlumatsızlıqdandır

image here

Bir sıra müxalif informasiya şəbəkələrində yayılan narazılıq ifadə edən hay-küylü videolarda çıxış edənlər də və onlara bəraət qazandıranlar da savadı, mədəniyyəti, informasiya səviyyəsi aşağı olanlardır. Burada xüsusi öyrədilmiş kütlənin də rolunu danmaq olmaz. Məni narahat edən həmin insanların yanında həmin anda dövlətin qanun-qaydalarını və onları narahat edən məsələlərin həlli üçün lazımi izahatları verə biləcək müvafiq dövlət nümayədələrinin olmamasıdır və yaxud onların olmaması üçün birbaşa efirin aparılmamasıdır.
Amma hər hansı halda operativ məlumatın ötürülməsi və operativ tədbirlərin görülməsi mümkünsüz deyil. Əhalinin əsas narazılığına səbəb olan dövlət qanunları deyil, sadəcə məlumatsızlıqdır. Sosial şəbəkələrdə verilən rəsmi məlumatlar, təəssüf ki, məhdud qavrama qabiliyyətli insanları yetərincə təmin etmir. İnsanların hər birinə şəxsən lazımi məlumatların verilməsi üçün isə dövlətin müvafiq strukturlarında yetərincə insan çalışmır.
Bu gün sosial-maddi probemlərin pandemiya ilə əlaqədar qadağalar şəraitində kəskin xarakter aldığı bir dövrdə müvafiq dövlət orqanlarına lazımi işçi qüvvəsinin toplanması təxirəsalınmaz bir addım kimi gündəmdə olmalıdır.
Əhali arasında fərdi təbliğat və məlumat kampaniyalarının aparılmasının vacibliyi məlum sosial şəbəkələrdə yayımlanan beş-on nəfərin narazılığına görə deyil, onlara baxaraq bəraət qazandıran minlərlə izləyicilərin səhv fikirlərdən yayındırılması üçündür.
Eyni zamanda üzümü müxalif, naxələf bəndələrə tutub demək istəyirəm ki, duz-çörəklə dolanmağın deyil, artıq yeməyin dərd olduğunu düşünsünlər. Artıq yemək xəstəlik yaradır. Siz kimin, nəyin dərdini çəkib hay-küy qaldırırsınız? Tutarlı hesab etdiyiniz faktlarınız boş beyinləri tuta bilər ancaq.
İndiyə qədər dövlətimizin başçısına normal şəkildə çatdırılan bütün problemlər həll edilmişdir. Amma imkandan artıq tələb ya savadsızlıqdan, ya da vicdansızlıqdandır. Acın qışqırmağa halı olmur. Kİmlərisə qışqırmağa məcbur edən bəzi toxlar isə, onun əvəzində bir neçə acı doyursalar, daha savab iş görmüş olarlar.

Rasim Məmmədov,
İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri