Səudiyyə Ərəbistanı bayram namazı ilə bağlı qərar verdi


Səudiyyə Ərəbistanında koronavirus pandemiyası səbəbindən Ramazan ayında bayram və təravih namazları evlərdə qılınacaq.
Bunu ölkənin baş müftisi Əbdüləziz Əl əş-Şeyx deyib.
Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar təravih namazı evlərdə qılınacaq: “Pandemiyanın yayılması uzandıqca və Ramazan ayının sonuna qədər qabaqlayıcı tədbirlərin görülməsi səbəbindən bayram namazı da evlərdə qılınacaq”.
Qeyd edək ki, ölkədə COVID-19 səbəbindən məscidlərdə camaat və cümə namazlarının qılınması təxirə salınıb. Eyni zamanda Ramazan bayramı ərəfəsində də məscidlərdə namazlar qılınmayacaq və iftar verilməyəcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında ümumilikdə 7 142 nəfər koronavirusa yoluxub, 87 nəfər isə dünyasını dəyişib.