Azərbaycanda bu tarixlərdə “İmmunlaşdırma həftəsi” keçiriləcək

Aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” təşkil olunacaq. Bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, əmr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkil olunması məqsədini daşıyır.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq, uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, ÜST-ün dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.