Professor Dmitri Yevstafyev: “Heydər Əliyevin etdiyini heç kim bacarmadı” – ŞƏRH

Mixail Qorbaçovun başçılıq etdiyi Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin “sürətləndirmə və yenidənqurma” kursu götürməsindən 35 il ötür. Bu siyasətin nəticəsi olaraq SSRİ dağıldı, ancaq bundan əvvəl Bakıda 20 yanvar faciəsi baş verdi, münaqişələr, Qarabağda müharibə başladı.

Bu mövzuya “Vladimir Solovyovla axşam” proqramının bu yaxınlarda efirə gedən buraxılışında toxunulub. Proqram iştirakçılarından biri, siyasi elmlər namizədi, Rusiya Milli Araşdırma Universitetinin “Ali İqtisadiyyat Məktəbi”nin professoru Dmitri Yevstafyev Heydər Əliyevə həmişə yaxşı yanaşdığını və bunun hazırda da belə olduğunu bildirib.

Bütün ölkənin ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd etdiyi 10 may tarixi yaxınlaşır. Əvvəllər danışan bir çox ekspertlərin Heydərin Əliyevin SSRİ hakimiyyətində olacağı halda, ölkənin süqutunun qarşısının alına biləcəyi, hətta hər şeyə baxmayaraq bu baş versə belə, bir qədər gec olacağını qeyd etdikləri xatırlanır.

Media.Az Heydər Əliyevə niyə bu qədər isti münasibət bəsləməsi barədə danışan Dmitri Yevstafyevlə söhbət edib:

– Heydər Əlirza oğlu Əliyev, sözsüz ki, öz dövrünün insanı idi və o dövrün siyasi mədəniyyətini əks etdirirdi. Və o, əlbəttə ki, Azərbaycan vətənpərvəri idi, hər şeydən əvvəl respublikanın inkişafında maraqlı idi. Sovet İttifaqı isə onun üçün alət, daha doğrusu Azərbaycanın inkişaf etdirdiyi “qabıq” idi. Ancaq istənilən halda Heydər Əliyev xüsusən Qorbaçovun “komandası”nın standartlarına görə, bir tərəfdən siyasət və iqtisadiyyatdakı proseslərin kompleksliyini və çətinliyini anlayan, digər tərəfdən isə sovet elitasında ən vacib, eyni zamanda müxtəlif vəzifələri tutmaqla sistemin necə işlədiyini bilən böyük siyasi xadim idi. Məhz bu keyfiyyətlər və biliklər ona 1990-cı illərin əvvəlində Azərbaycanı küllərindən yüksəltməyə, müstəqil dövlətə çevrilmiş respublikanı yalnız idarə etməyə davam etməyə deyil, eyni zamanda onu xarabalıqlardan bərpa etməyə imkan verdi. Bunu bir daha heç kim bacarmayıb. Bu, artıq özlüyündə böyük göstəricidir.

Heydər Əliyevdə daha iki cəhət məni cəlb edirdi: Birincisi, iqtisadiyyatın siyasətə münasibətdə üstünlüyü barədə aydın bir anlayış. Yeri gəlmişkən, bu cəhət gələcəkdə, o zamankı elitanın böyük hissəsinin əməldə xaosa səbəb olan siyasi transformasiyaları öncəlik hesab etdiyi bir vaxtda Əliyevin Azərbaycanın bərpasındakı uğurunu əvvəlcədən müəyyənləşdirdi.

İkinci cəhət isə qaynar temperament kimi hiss olunan fonda zahiri Şərq sakitliyi. Bu xarakter ona həyasızlığı, o cümlədən hay-küylü millətçiliyi qəbul etməyə imkan vermirdi. Başa düşürsünüz, Heydər Əliyev “yenidənqurmaçılar” fonunda “başqa” idi.

Keçmişin insanı deyil, sadəcə “fərqli” idi. Bununla belə, sovet sistemində belə bir yol keçən insanın, xüsusən də sovet Azərbaycanını 1969-cu ildə hansı vəziyyətdə qəbul etdiyini nəzərə alaraq, sirlərə sahib olmamasının mümkünsüzlüyünü o zaman və indi də anlayıram. Ancaq diqqətinizə çatdırım ki, hətta illər sonra belə heç kim Heydər Əliyevin kimisə satdığını deyə bilmir, çünki o, belə insan olmayıb. Bu, xüsusən həmin illərin total satqınlıqları, onun hansı şəraitdə təqaüdə göndərilməsi fonunda çox vacibdir.

Heydər Əliyevin SSRİ Nazirlər Soveti rəhbərliyinə təyinatı baş tutsaydı ölkəni xilas edə bilərdimi?… Bu, çox çətin sualdır və cavabını da heç kim bilmir. Ehtimal ki, Heydər Əliyevin özü də bu barədə çox düşünüb. Düşünürəm ki, birmənalı cavab tapmayıb. Belə deyim, bu, şüurlu iqtisadi, ilk növbədə infrastruktur modernləşdirilməsi cəhdi üçün bir şans idi. Bu modernləşmə tarixi nə qədər dəyişə bilər, bunu ancaq təxmin etmək olar.