“Dəyişiklik və transformasiya biznesin bütün sahələrində əsas tələblərdən biridir” – MÜSAHİBƏ

ATL qrupun təsisçisi və CEO-su Rəşad Mirzəyevin  müsahibəsi:

– Hazırda pandemiya ilə əlaqədar olaraq ən çox gündəmə gələn mövzulardan biri texnoloji həllərdir. Bu proses təsisçisi olduğunuz ATL qrup kimi texnoloji şirkətlərə olan tələbatı və müştərilərin davranışlarını necə dəyişib?

– Pandemiya ilə əlaqədar olaraq bizneslərdə və müştəri davranışlarında əsaslı dəyişikliklər olub. Karantin rejimi nəticəsində məhsullar və müştərilər arasında fiziki bağ qopub. Restoranlarda yerində xidmət dayanıb, təhsil müəssisələri (dövlət və özəl) bağlanıb, beynəlxalq konfranslar və sərgilər ləğv edilib, fitnes zalları fəaliyyətlərini dayandırıb. Bu siyahını çox uzatmaq olar.

Bəs bu fiziki məhdudiyyətlərin yaratdığı şəraitə bizneslərin reaksiyası necə oldu?

Onlar (ən azından dəyişən reallığı başa düşənlər) çevik şəkildə rəqəmsal həllərlə bu məhdudiyyətlərə uyğunlaşıb, məhsullarını başqa formada müştərilərə təklif etdilər. Əgər bu çətin şərtlərlə fəaliyyətlərini davam etdirən bizneslərə fikir versəniz, onların hamısının maneələri texnoloji həllərlə aşdıqlarını görərsiniz.

“ATL Tech” ölkədə texnoloji həlləri təklif edən əsas şirkətlərdən biri olduğuna görə məhsul və xidmətlərimizə tələbat kifayət qədər artdı. Bizim də bu böhran dövründə əsas missiyamız müştərilərimizin dəyişən tələbatlarını düzgün anlayıb, onları ehtiyacı olan həllərlə təmin etməkdir.

Maraqlı məqamlardan biri odur ki, texnoloji həllərə ehtiyac artdıqca bu sahənin mütəxəssislərinə də tələbat sürətlə çoxalır. Təəssüf ki, bazarda artan tələbatı ödəyəcək keyfiyyətli mütəxəssis sayı kifayət qədər deyil. Bu problem bizi “ATL Academy”nin təsis olunmasına sövq edən əsas faktorlardan biri oldu.

– Bu dövrdə əsasən hansı texnoloji həllər ön plana çıxdı?

– Hazırkı dövrdə müştərilərlə fiziki maneələri olan bizneslərə çağrı mərkəzini idarə edən həllər, əməkdaşları evdən işləyən, ümumiyyətlə, ofislə əlaqəsi kəsilən bir çox biznesə insan resurslarını idarə edən proqram təminatları, dövlət idarələrinə təcili zəngləri idarə edən həll, sadə vətəndaşlara isə karantin rejimində şəxsi və karyera inkişafını davam etdirə biləcəkləri platformalar ön plana çıxdı. Fəxr hissi ilə deyə bilərəm ki, ATL bu həllərin hamısını təklif edir.

“ATL Tech” tam funksiyalı zəng mərkəzi sistemi olan “İnstaCall”ı təklif edir. Proqram təminatı həm daxil olan, həm də çıxan zənglərin işlənməsi üçün gərəkli olan bütün funksiyaları özündə cəmləşdirir. Böhran dövründə ən əsas funksiyası, çağrı mərkəzinin evdən idarə edilə bilməsidir. “İnstaCall” vasitəsi ilə şirkətlər daha çox müştərini daha çox məhsulla daha sürətli və çevik şəkildə təmin edə biləcəklərini gördü.

Bir çox şirkətdə işçilər ev rejiminə keçdikcə bürokratik prosedurların, kağız sənədlərin böyük çətinlik yaratdığı dövrdə bu məsələləri idarə edən həllərə ehtiyac daha da artdı. “ATL Tech” insan resurslarının idarə edilməsi üzrə proqram təminatı olan “Portem” məhsulunu hər hansı bir işçi heyətinin idarə edilməsi işinin avtomatlaşdırılması və daha rahat təşkil edilməsi üçün nəzərdə tutub.

Karantin rejimində ev şəraitində qalan bir çox insan öz şəxsi və karyera inkişaflarına daha çox vaxt ayırmaq istədilər. “ATL Academy” dərslərini onlayn formatda davam etdirməklə yanaşı, proqram yazılmasından tutmuş məhsulların inkişaf etdirilməsinə qədər müxtəlif mövzularda vebinarlar keçirərək, insanlara vaxtlarını səmərəli istifadə etməyə və karyera inkişaflarına töhvə verməyə çalışır.

– Bu dəyişikliklərdə xüsusi nəzərə alınmalı məqamlar varmı? Yəni, texnoloji həllər təklif edən şirkətlər müştəri davranışlarındakı yaranan bu dəyişikliklərdən necə faydalana bilərlər?

– Dəyişiklik və transformasiya biznesin bütün sahələrində əsas tələblərdən biri olsa da, texnologiya sahəsində xüsusilə qaçılmazdır. Texnoloji həllər təklif edən şirkətlər dəyişiklik üçün böhran gözləmirlər (ən azından gözləməməlidirlər).

Fikrimcə, yaranan fürsətlərdən faydalanmaq üçün şirkətlər, dəyişikliklərin sürətlənəcəyi əsas sahələrə diqqət yetirməlidirlər:

Kontaktsız interfeysin yaradılması prosesi sürətlənəcək. Heç də uzaq olmayan keçmişdə insanlar toxunma ekranları heyranlıqla qəbul etdilər. Bu dövrdə isə yoluxmaq təhlükəsinə görə əşyalara, səthlərə toxunmaqda istəksizlik var. Nəticədə səs və üz tanıma texnologiyasının inkişafı sürətlənəcək.

“IoT“ və “Big Data“dan istifadə daha da genişlənəcək. Biz datanın gücünü pandemiyanın idarə edilməsində bir daha gördük. Milli və beynəlxalq proqram təminatları yoluxmaların sayını və trendlərini izləyə bildi və nəticədə böhran daha idarə edilə bilən oldu.

Dünya miqyasında texnoloji həllərin səhiyyə sisteminde payı daha da artacaq. Tele-səhiyyə, video-konsultasiyalar və distant tibbi səhiyyə xidmətləri genişlənəcək.

Şübhəsiz, onlayn alış-veriş artmaqla yanaşı, eyni zamanda satış fəaliyyəti üçün həyati rol kəsb edəcək. Bu dövrdə onlayn seçimləri olmayan bizneslər ciddi maliyyə böhranı ilə üzləşdi. Böhrandan sonra rəqabətliliyi qorumaq istəyən şirkətlər onlayn seçimləri artırmalıdırlar.

Bu aylarda sosial məsafə ölçülərinə görə bir çox tədbirlər ya təxirə salındı, ya da rəqəmsal formatda keçirildi. Rəqəmsal formatın da bir çox fürsətlər gətirdiyini görən təşkilatçılar və iştirakçılar (iştirakçı sayını artırmaq, tədbirlərin daha sıx tezlikdə keçirilməsi, yol xərcləri və bürokratik maneələrin aradan qaldırılması) bu formatı daha da çox qəbul edəcək.

Gördüyünüz kimi, böhranlar da özlərində bir çox fürsət gətirir. Bunlardan yaralanmaq üçün sadəcə olaraq dəyişikliyi anlamaq və qəbul etmək lazımdır.

– “ATL Tech“ olaraq, siz bu istiqamətdə nə kimi işlər görürsünüz? Artıq nəticələr əldə etməyə başlamısınız, ya hələ nəticələr daha sonra əldə olunacaq?

“ATL Tech“ nəticələri məhsul və xidmətlərinin daha da inkişaf etdirməklə, rəqəmsallaşmaya, texnoloji həllərə olan tələbatı ödəməklə əldə edir. Təvazökarlıqdan uzaq olsa da, biz bu nəticələri böhrandan çox əvvəl əldə etmişik.

Bu istiqamətdə gördüyümüz bəzi işlərdən, təklif etdiyimiz bəzi məhsullardan bəhs etdim. Bu suala cavab olaraq isə, ATL ailəmizdə yeni üzv olan “ATL Academy“dən danışmaq istərdim.

“ATL Academy“nin əsas hədəflərindən biri beynəlxalq və yerli bazar üçün İT sahəsində tam ixtisaslaşmış mütəxəssislər yetişdirmək və onlara karyera inkişafında dəstək olmaqdır.  Təhsilini uğurla başa vuran tələbələr Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş rəsmi sertifikat qazanmaqla yanaşı, “Amazon“, “Microsoft“, “Google“, “Cisco“ və digər nəhəng İT şirkətlərinin təqdim etdiyi müxtəlif sertifikatlara hazırlaşmaq və əldə etmək imkanına yiyələnirlər.

“ATL Academy“nin əsas gücü və keyfiyyəti proqram təminatının yaradılması və İT konsaltinq sahələri üzrə 7 ildən çox təcrübəsi olan “ATL Tech“ tərəfindən yaradılmasıdır.

Texnoloji həllər, rəqəmsallaşma ətrafında fikir alış-verişi etdiyimiz kontekstdə “ATL Academy“ni xüsusi qeyd etməyimin iki səbəbi var. Birincisi, texnoloji inkişaf tendensiyalarının mütəxəssis tələbatını artırdığı reallığıdır. “ATL Academy“ bu artan tələbatın bir qismini ödəmək üçün yaradılıb. İkinci səbəb isə, texnologiya sahəsinin populyarlaşması, insanların karyera dəyişimi axtarışında olması və sahəyə keçid etmə istəyinin artmasıdır. Ümid edirəm ki, “ATL Academy“ bu dəyişimi etmək istəyən, özünü texnologiya sahəsində görən əzmkar şəxlər üçün ən uyğun məktəb və cəmiyyət olmağa davam edəcək.

– Texnoloji həllərə olan tələbatın gələcəyi ilə bağlı nə deyə bilərsiniz? İnsanlar normal həyata qayıtdıqdan sonra qısa müddətdə sürətlə tələbatın artım tempi davam edəcək, ya əvvəlki vəziyyətinə qayıdacaq?

– Bu böhran iqtisadiyyatda və rəqəmsallaşmada tarixi hadisələrdən biri oldu. Virus nəzarət altına alındıqdan sonra vəziyyətin əvvəlkinə qayıdacağını düşünmürəm. Əksinə böhrandan çox əvvəl başlayan, lakin tədricən inkişaf edən proseslərin sürəti daha da artacaq. Texnoloji həllər gələcəyimizi ifadə edəcək.

Məsələn, evdən işləmək əleyhinə arqumentlərdən sonra, bir çox menecer işçilərin evdən də kifayət qədər məhsuldar işləyə bildiyinin şahidi oldu. Əlbəttə ki, ofis işinin müsbət tərəfləri də kifayət qədər çoxdur. Menecerlər bu iki işləmək formasını necə bir istifadə edəcəklərinə özləri qərar verəcəklər. Məsafədən işləməyi mümkün edən texnoloji həllər öz aktuallığını qoruyacaq.

Böhran dövründə müştərilərlə fiziki əlaqədə olan bizneslər, restoranlardan tutmuş idman məhsulları mağazalarına qədər hamısı çatdırılma seçiminində də böyük fürsətlər olduğunu gördülər.

Beynəlxalq tədbirlərdə rəqəmsal format daha çox istifadə edilməli oldu. Bəli, bu format fiziki formatla müqayisədə elə də “canlı” olmaya bilər, amma təşkilatçılar (xüsusilə maliyyə resursları daha az olanlar) rəqəmsal formatla artan tezlikdə daha çox böyük sayda insana xitab edə biləcəklərini gördülər.  Universitetlər, məktəblər virtual öyrənmə metodlarını sınadılar.

Əvvəlki vəziyyətə qayıdacağımıza inanmamaqla yanaşı, kiçik və orta ölçülü bizneslərdə texnoloji həllərə tələbatın daha sürətlə artacağına inanıram.