Ukraynalı bloqer Azərbaycanın Dəmir Yolları barədə süjet hazırladı – VİDEO

Ukraynalı bloqer Sovet İttifaqında birinci elektrik qatarının Bakıda fəaliyyətə başlaması barədə süjet hazırlayıb.

Azərbaycanın paytaxtı Bakıda fəaliyyətə başlayan birinci elektrik qatarı barədə məlumatlar Ukraynanın dəmir yolu nəqliyyatı mövzusunda ixtisaslaşmış nüfuzlu “Железные магистрали” (Dəmir magistrallar”) “YouTube“ kanalında yayımlanıb.

Videomaterialını SSRİ-nin ilk elektrik qatarlarına həsr edən kanalın müəllifi Oleq Vasilyev izləyicilərini elektrikləşdirilmiş dəmir yolunun tarixi ilə tanış edərkən, Sovet İttifaqında birinci elektrik qatarının Bakıda fəaliyyətə başlamasından geniş bəhs edib.

“SSRİ-nin ilk elektrik qatarı: keçmiş və gələcək” adlı videomaterialda müəllif o zamanlar bütün texnoloji yeniliklərin adətən Sovet İttifaqının paytaxtı Moskva şəhərində tətbiq olunmasına eyham vuraraq, ilk dəfə elektrik qatarından Bakıda istifadə olunmasının səbəblərini izah etməyə çalışıb.

Müəllif, həmçinin, Azərbaycanda son illər elektrik qatarlarından geniş istifadə olunması istiqamətində görülən işlərdən söz açıb, köhnə dəmir yol xətlərinin bərpa olunması və ən son model elektrik qatarlarının sərnişinlərin ixtiyarına verilməsini qeyd edib. Bundan başqa, videoda Azərbaycanda elektrik qatarlarında tətbiq edilən gediş haqqının digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olması vurğulanıb.

Qeyd edək ki, 1926-cı il 6 iyul tarixində istifadəyə verilən Bakı – Sabunçu – Suraxanı elektrik dəmir yolu xətti nəinki Azərbaycanda, bütün SSRİ-də ilk belə xətt olub.  2015-ci ilin sentyabrın 12-də Bakı-Sumqayıt xəttinin açılışı baş tutub. Həmin xətt üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan ən müasir elektrik qatarları hərəkət etməyə başlayıb. 2020-ci ilin martın 18-də isə Abşeron dairəvi dəmir yolu xətti tam istismara verilib.

Videosüjeti bu keçid vasitəsilə izləmək olar: