Azərbaycan Ordusunun iki üstünlüyü – silahlanma və döyüş ruhu

Rusiyalı politoloq: “Ermənistan öz iqtisadiyyatının dərin tənəzzüldə olmasına görə Azərbaycanın təlimlərinə cavab verməyə hazır deyil…”

Yeri gəlmişkən, mayın 18-də Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə videokonfrans formatında görüş keçirib. Görüşdə Fransa və ABŞ həm-sədrlərinin köməkçiləri də iştirak ediblər. Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya sonrası atılacaq addımlar müzakirə edilib. Tərəflər pandemiya zəiflədikdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi ilə bağlı razılığa gəliblər.
*****
Danışıqlar prosesinin faktiki dondurulduğu vaxtda Azərbaycan pandemiyanın səbəb olduğu iqtisadi məhdudiyyətlərə rəğmən, öz ordusunun döyüş qabiliyyətini mütəmadi şəkildə artırmağa davam edir. Artıq iki gündür silahlı qüvvələrimiz genişmiqyaslı təlimlərə başlayıb. Təlimlər mayın 22-də yekunlaşacaq.
Gözlənildiyi kimi, ordumuzun hərbi manevrləri Ermənistanda ciddi təlaş doğurub. Ermənistan XİN xüsusi bəyanatla çıxış edib. Bu da səbəbsiz deyil. Təlimlərdə çoxlu sayda müasir hərbi texnika vahidləri və döyüş maşınları iştirak edir. Düşmən həmçinin narahatdır ki, belə genişmiqyaslı hərbi təlimlər günün birində real əməliyyatlara da keçə bilər. Düşmən tərəfin bəyanatında giley-güzar yer alıb. Guya Azərbaycan tərəfi dünya birliyini, həmsədr dövlətləri, Ermənistanı  vaxtında xəbərdar etməyib. Belə çıxır, biz işğalçını da keçirəcəyimiz hərbi təlimlər barədə xəbərdar etməli imişik.
Politoloq İlqar Vəlizadə erməni tərəfinin ordumuzun təlimlərinə bu cür reaksiyasını gülməli, məntiqsiz və tamamilə qeyri-adekvat sayır: “Məsələ ondadır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan öz ərazisində təlimlər keçirir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə təlimlər keçirdiyini dəfələrlə müşahidə etmişik. Bu zaman düşmən tərəf təlimlərin mahiyyəti və məqsədi barədə heç kimə məlumat vermir”.
Ekspert haqlı olaraq hesab edir ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimləri qəbuledilməz və qanunsuzdur və Azərbaycanın suverenliyinin kobud şəkildə pozulmasıdır. “Bu mənada genişmiqyaslı ordu təlimləri, – Azərbaycan tərəfi bunu gizlətmir, – işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasına yönəlik məşqləri həyata keçirmək məqsədi daşıyır. Erməni tərəfinin bu təlimlərə diqqət yetirməsi də elə bu təlimlərin siyasi məqsədlərindən yalnız biridir. Problem ondadır ki, İrəvan bundan qeyri-adekvat nəticələr çıxarır. Məntiqi nəticə budur ki, erməni qüvvələri Azərbaycan ərazilərində ikən, Azərbaycan tərəfi öz ərazilərinin, o cümlədən güc yolu ilə geri qaytarılmasına dair plan və niyyətindən əl çəkməyəcək. Beynəlxalq hüquq Azərbaycana belə bir fürsəti verir”, – deyə politoloq vurğulayıb.
İ.Vəlizadə beynəlxalq birliyin Azərbaycanın ərazilərindəki təlimlərinə deyil, Ermənistanın işğal olunmuş ərazilərdəki təlimlərinə cavab verməli olduğunu da qeyd edib.
Öz növbəsində, beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov hesab edir ki, İrəvanın bu cür təlaşlı reaksiyası ən əvvəl onunla bağlıdır ki, Ermənistan Azərbaycanın belə təlimlərinə ölkə iqtisadiyyatının dərin tənəzzüldə olması səbəbindən cavab verməyə hazır deyil.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, rusdilli Vesti.az saytına bildirib.
“Neftin qiymətinin düşməsindən məmnun olan və buna görə Bakı üçün hər şeyin pis olacağına ümid edən bir çox erməninin sosial şəbəkələrdə verdiyi cavabların nümunəsində qeyd edim ki, bu sevinc yersizdir. Azərbaycan təkcə neft hesabına yaşamır və bunu İrəvanda gördülər. Əgər qoşunların döyüş hazırlığı ilə bağlı bütün planlar dəyişməz qalıbsa, bu, müdafiə büdcəsinin sabitliyini və müvafiq surətdə işğal olunmuş ərazilərin azad edilməsi barədə əmr veriləcəyi halında vəziyyətə hazırlığı göstərir”, – deyə ekspert qeyd edib.
Bölgədə müharibə ehtimalından danışan ekspert bunun hələlik minimal olduğunu bildirib: “Bir şərtlə ki, əgər Qarabağ separatçıları İrəvanın təşviqi ilə qəsdən təxribatlar həyata keçirməsələr. Rusiyadan Azərbaycana artıq Rusiya Xarici İşlər Nazirliyi və şəxsən Sergey Lavrov tərəfindən siqnal göndərilib. Mən ”bufer zonası” ərazilərinin mərhələli şəkildə geri qaytarılmasına başlamaq və keçmiş Ermənistan rəhbərliyi ilə əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruriliyini nəzərdə tuturam. Bu, dəqiq bir ismarışdır ki, diplomatiya birinci yerdədir, sonrasını isə zaman göstərəcək. Bakı Qarabağ münaqişəsinin sülh yolu ilə nəticələnməsinin tərəfdarıdır və buna görə səbəbsiz müharibəyə başlamaz”.
Onun fikrincə, Azərbaycan ordusu bu gün istər silahlanma, istərsə də döyüş ruhu baxımından ermənidən üstündür. “Və bu, rusofobiya fonunda müttəfiqlərini itirən İrəvanı narahat edir”, – deyə o sonda vurğulayıb.
*****
Azərbaycan Ordusunun arsenalına isə ən müasir silah və texnikalar daxil edilir. Bunların bir qismi 2018-ci il iyunun 26-da keçirilən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunan paradda nümayiş etdirildi. Yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri hərbi gücümüzün inkişafının göstəricisidir.
Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda deyilir. Məlumata görə, ölkədə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialının güclənməsinə xidmət edən amillərdəndir.
“Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bu istiqamətdə aparılan işlər hərbi potensialımızın daha da güclənməsinə xidmət edir. Təlimlərdə, döyüş şəraitində texnikalar sıradan çıxa bilər. Bu səbəbdən hərbi texnikalarla yanaşı, onların ehtiyat hissələri də gərəklidir. Silahlanmada olan texnikaların ehtiyat hissələri müvafiq müqavilələr əsasında alınır, daxili komissiya tərəfindən yoxlanılır, aktlaşdırılır və bazanın balansına daxil edilir. Hazırda hərbi anbarlarda olan ehtiyat hissələri Rusiyada istehsal edilən ”KamAZ” və Belarus istehsalı olan “MAZ”a məxsusdur. Anbara qəbul olunan ehtiyat hissələri müəyyən standartlara uyğun olaraq texnikanı istehsal edən qabaqcıl dövlətlərə məxsusdur” – məlumatda bildirilir.
Hərbi hissələrin tələbat sifarişləri eyni zamanda Maddi-Texniki Təminat Baş İdarəsinin Silah və Texnika İdarəsinin müvafiq normalara uyğun verdiyi naryadlar əsasında birləşmələrin maddi-texniki təminat taborlarında yerləşən zirehli tank əmlakı anbarlarına aparılır. Sonra hərbi hissələrin tələbatına uyğun bölüşdürülür. Bundan əlavə, anbarlarda ölkəmizin istehsalı olan ehtiyat hissələri də mövcuddur. Bütün ehtiyat hissələri anbarlarda səliqəli və müvafiq qaydalara riayət edilməklə saxlanılır.
Başqa sözlə, sülh istəyən Azərbaycan savaşa da tam hazırdır. Deyildiyi kimi, ordumuz həm silahlanma, həm də döyüş ruhu baxımından işğalçı qüvvələrdən xeyli üstün və güclüdür. Bu, o deməkdir ki, Azərbaycan sonsuzadək nəticəsiz danışıqlara getmək, İrəvan rəsmilərinin absurd və təxribatçı bəyanatlarına dözmək niyyətində deyil. Bu xüsusda düşmənə pandemiya bəhanəsi də kömək etməyəcək…