Poroşenkoya cinayət işi açıldı

Ukrayna Baş Prokurorunun Ofisi ölkənin keçmiş prezidenti Petro Poroşenko barəsində dövlətə xəyanət və hakimiyyətdən sui-istifadə ilə bağlı işin araşdırılmasına başlayıb.

Bu barədə Baş Prokuror Ofisində mənbəyə istinadən “Ukrayna həqiqəti” nəşri bildirib.

“Baş Prokuror ofisi “Derkaç örtükləri” barədə məlumatları məhkəməyəqədərki araşdırmaların vahid reyestrinə daxil edib. Araşdırma Cinayət Məcəlləsinin “Dövlətə xəyanət”, “Hakimiyyətdən və ya xidməti vəzifədən sui-istifadə” maddələri üzrə başlayıb”, – nəşrin xəbərində deyilir.

İşə həmçinin Poroşenkonun guya ABŞ-ın vitse-prezidenti Co Bayden və sabiq dövlət katibi Con Kerri ilə danışıqlarının səs yazısı da əlavə ediləcək.