Belçika şahzadəsi üzr istədi

Belçika şahzadəsi İoahim İspaniyanın Kurtuba şəhərində özünütəcrid qaydalarını pozaraq, qonaqlıqda iştirak etdiyi üçün üzr istəyib.

“Anadolu” agentliyi xəbər verir ki, qonaqlıqdan sonra şahzadənin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Şahzadənin vəkili onun adından “Karantin tələblərinə əməl etmədiyim üçün üzr istəyirəm. Etdiyim hərəkətə görə peşmanam və məsuliyyət daşıyıram”, – deyə yazılı açıqlama verib.

Belçika kralının qardaşı oğlu olan 28 yaşlı İoahimin qonaqlığa qədər bütün təcrid qaydalarına riayət etdiyi və İspaniyaya uçana qədər ailəsi ilə birlikdə təcrid olunaraq yaşadığı bildirilir.

27 nəfərin qatıldığı qonaqlıqda fövqəladə vəziyyət rejiminin pozulduğuna görə, şahzadə də daxil olmaqla bütün iştirakçılara qarşı cinayət işinin başlanıldığı və onların karantinə alındığı bildirilir.

Qeyd edək ki, şahzadə İoahim 24 may tarixində məşhur ispan iş adamının qızı Viktoriya Ortizi ziyarət etmək üçün təyyarə ilə Madridə və eyni gündə sürətli qatarla Kurtubaya gedib.