Torpaqdan güc alan 84 yaşlı Cəfərov Lətif Xanhüseyn oğlu – foto

 

Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin, aqrar sahənin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, fermerlər təsərrüfatlarını ilbəil genişləndirir, həm heyvandarlıq, həm də bitkiçilik sahələrində uğurlu nəticələrə nail olurlar. Belə təsərrüfatlardan biri də Biləsuvar rayonunun Təzəkənd kəndində fəaliyyət göstərir.

Təsərrüfatın idarəedicisi Cəfərov Lətif Xanhüseyn oğludur.

Tanış olaq: Cəfərov Lətif Xanhüseyn oğlu 1936-cı ildə Biləsuvar rayonunun Təzəkənd kəndində təvəllüd tapıb. 1951-ci ildə Salyan rayonu Kənd Təsərrüfatı Texnikumuna daxil olub, 1955-ci ildə həmin təhsil ocağını uğurla bitirib. 1958-ci ildən kənddə pambıqçılıq sahəsində briqadir vəzifəsində çalışıb.

Hal-hazırda Biləsuvar rayonunun Təzəkənd kəndində fermer və pambıqçılıq təsərrüfatı üzrə sahibkar kimi fəaliyyət göstərir.

Söhbətimiz zamanı Lətif Xanhüseyn oğlu bildirdi ki, yaradılan təsərrüfatda 34 hektar sahədə pambıq əkilib. Burada həm pambıq becərilir, həm də iribuynuzlu heyvandarlıq inkişaf etdirilir.

Heyvandarlıq sahəsi ferma, sağımxana, yem, ot və su anbarları, silos quyusundan ibarətdir. Ferma avtomat sulama sistemi ilə təchiz edilib. Heyvanların yemlənməsi səyyar yemləmə aparatı ilə həyata keçirilir.

Hər gün inəklər sağılır və həmin süd emal müəssisələrinə verilir.

Yeni doğulan dişi buzovlar yetişdirilərək, həm fermanın düyə ehtiyacını qarşılayır, həm də yerli təsərrüfatlara satılır ki, bu da onların cins damazlıq heyvanlarla təmin edilməsində mühüm rol oynayır. Erkək buzovlar isə ətlik istiqamətdə bəslənilir. Heyvandarlıq kompleksinin yem təminatı əsasən təsərrüfatda becərilən müxtəlif dənli və yem bitkilərinin hesabına ödənilir.

Bitkiçilik sahəsində də uğurlu nəticələrə nail olunan təsərrüfatda 20 nəfərə yaxın rayon sakini daimi işlə təmin olunub. Əkin-biçin mövsümündə isə 100 nəfərdən artıq kənd sakini mövsümi işlərə cəlb edilir.

Biləsuvar rayonunun Təzəkənd kəndində belə təsərrüfatın yaradılmasına dövlətin dəstəyi və insanların zəhmətsevərliyi sayəsində nail olunub. Fermer təsərrüfatının ilbəil daha da genişləndirilməsi isə məhsul bolluğuna səbəb olur, ölkəmizin ərzaq təhlükəsizliyinə xidmət edir.

Cəfərov Lətif Xanhüseyn oğlu 2016-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

10 övlad sahibi, torpaqdan güc alan 84 yaşlı Cəfərov Lətif Xanhüseyn oğluna bundan sonrakı fəaliyyətində də yalnız və yalnız yüksək göstəricilərə nail olmasını diləyirik.

Mənzər Qurbanova