15 iyun- müstəqilliyimizin başlanğıc tarixidir

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu və inkişafın təməlini qoydu. Xalqımızın bu günü bayram kimi qeyd etməyə böyük haqqı var. Müstəqilliyi qazanmaq elə də asan olmadı. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.
Heydər Əliyev Azərbaycanın dünya dövlətləri arasında tanınması üçün böyük işlər görüb.
Xatırladaq ki, Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyasıda deputatlar böyük səs çoxluğu ilə ümummilli lider Heydər Əliyevi Ali Sovetin Sədri seçiblər. Bundan sonra ölkədə olan hərc mərclik aradan qaldırılıb və Azərbaycan parçalanmadan xilas edilib.
Azərbaycan xalqının tarixində ən əhəmiyyətli günlərdən biri kimi düqşən bu günlə bağlı çox söz demək olar. Çünki bu gün Azərbaycanın müstəqil olub-olmamasınının həll olunduğu gün idi. Əgər Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi, Azərbaycana rəhbərlik etməsəydi, hərc-mərcliyi aradan qaldırmasaydı və qarşıdurmaları səngitməsəydi bizim müstəqilliyimiz böyük sual altına düşərdi.
Ulu Öndərin apardığı və onun layiqli davamçısının uğurla davam etdirdiyi siyasət Azərbaycanın bir dövlət kimi möhkəmlənməsinə, beynəlxaql aləmdə nüfuzunun artmasına gətirib çıxardı. Bütün sahələrdə islahatlar keçirildi və uğurlar çoxaldı. 1994-cü ildə neft müqavilələrinin bağlanması Azərbaycanın öz təbii sərvətlərinə sahib olmasına imkan verdi. Bu da öz növbəsində ordan gələn gəlirlərlə ölkənin yenilənməsinə, vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxardı.
Azərbaycanın siyasi tarixində xüsusi yeri olan Heydər Əliyev siyasəti bu gün də uğurla davam edir. Bu siyasət nəticəsində Azərbaycan müstəqilliyini əbədiyyətə qədər qoruyacaq.
Mən rəhbəri olduğum Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edənlərə Allahdan rəhmət diləyir, xalqımıza ölkəmizin gələcəyi, inkişafı naminə gördüyü işlərdə uğur və nailiyyət arzulayıram!
Heydər Əliyev Azərbaycanımızın müstəqilliyinin əbədiyyətə qədər davam etməsi, dünya dövlətləri arasında tanınması üçün böyük işlər görüb. O, həmişə vardır, yaşayır və nə qədər ki, Azərbaycan var, Ulu Öndər də onunla bərabər yaşayacaq.
Fəttah Heydərov,
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili