“Onun öz ağciyərinin fəaliyyətinin bərpa edilmə şansı sıfra bərabərdir, ona görə də…”

Əməkdar artist Bəhram Bağırzadəyə təcili olaraq ağciyər köçürülməlidir.
Bunu  açıqlamasında Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.
Koronavirusa yoluxan xəstələrin müalicəsində iştirak edən Ədalət Rüstəm bildirib ki, hazırda Bəhram Bağırzadənin ağciyərləri faktiki olaraq işləmir:
“Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır. Bu gün onu ilk olaraq süni nəfəs aparatına qoşublar. Lakin ağciyərin vəziyyəti pis olduğu üçün onun bu aparata qoşulması nəticə verməyib. Buna görə də təcili olaraq Bəhram Bağırzadə ürək-damar cərrahı, professor Rəşad Mahmudovun rəhbərliyi altında ECMO aparatına qoşulub. ECMO aparatından Azərbaycanda cəmi 6 ədəd var. Bu aparatların qiyməti 6 milyon dollardır. İndiyə qədər Azərbaycanda ECMO aparatına qoşulacaq qədər ağır xəstə olmayıb. Bəhram Bağırzadənin, görünür, ağciyərində əvvəldən hansısa problem olub. Eyni zamanda çəkisinin də normadan artıq olması vəziyyəti qəlizləşdirir. Hazırkı situasiya tələb edir ki, zaman itirmədən onun ağciyəri çıxarılsın. Çünki ağciyərdən onun orqanizminə infeksiya yayılır. Artıq ağciyər tamamilə qeyri-işlək vəziyyətdədir. İnsanlar ECMO aparatı vasitəsilə 2 aydan bir qədər artıq yaşaya bilir. Bununla bağlı dünyada təcrübə var. ECMO cihazı altında ağciyərsiz yaşama müddəti maksimum 62 gündür. Ona görə də hazırda ağciyər çıxarılmalı, ECMO ilə orqanizmə oksigen verilməlidir. Bu müddət ərzində canlı donor tapılmalıdır. Çünki Azərbaycandakı müvafiq qanunlara görə meyitin orqanlarından istifadə edilmir. Bəhram Bağırzadə üçün 3-4 donordan olmaqla hərəsindən 1-2 pay götürülməlidir. Bu ağciyər parçalarını köçürməklə, Bəhram Bağırzadənin həyatını qurtarmaq ehtimalı meydana gələ bilər. Bu nümunə var və müsbət nəticələr əldə edilib.
Ağciyərin 90 faizi zədələnibsə, onun bərpa olunması mümkün deyil. Bunu mən yox, tibb elmi deyir. Bu, artıq pnevmoniya yox, kimyəvi pnevmonitdir. Burada öz-özünə bərpa baş verə bilməz. Hazırda Bəhram Bağırzadənin ağciyəri, anlaşılan dildə desək, bir növ virus generatorudur. Buradan bütün vacib orqanlara – ürəyə, baş beyinə, mədəaltı vəzə, böyrəklərə, qaraciyərə virus göndərilir. Əgər ağciyər çıxarılmasa, həmin orqanlar da zədələnəcək.
İstanbulda çalışan və koronavirusdan dünyasını dəyişən azərbaycanlı həkim Tahir Bababəylinin orqanizmində də eyni vəziyyət yaşandı. Ona da ağciyər köçürmə gecikdirildi və həkim dünyasını dəyişdi. Qərar veriləndən 2 gün sonra o, dünyasını dəyişmişdi. Çünki çox gözləmişdilər və artıq orqanizmin tap gətirməsi mümkün deyildi”.
Ədalət Rüstəm bildirib ki, Azərbaycanda ağciyər transplantasiyası həyata keçirilmir:
“Lakin Türkiyədə bu işi həyata keçirən peşəkar komanda var. Onları işə cəlb edib, təcili hərəkətə keçmək lazımdır. Bəhram Bağırzadənin öz ağciyərinin fəaliyyətinin bərpa edilmə şansı sıfra bərabərdir. Ona görə də əlavə zaman itirmək olmaz. Türkiyədə ağciyər transplantasiyası əməliyyatlarında iştirak edən ilk azərbaycanlı mütəxəssis kimi deyirəm ki, gözləmək Bəhram Bağırzadə üçün fəlakət gətirə bilər. Doğrudur, ECMO cihazı altında yatan xəstələrin 40 faizi sağalır. Çünki onlar aparata qoşulan zaman ağciyərləri 40-50 faiz işlək olur. Bəhram Bağırzadənin vəziyyətində olan xəstələrin isə ECMO ilə sağalması mümkün deyil”.
Həkim, həmçinin qeyd edib ki, Azərbaycanda xəstələrin vəziyyəti ötən aylarla müqayisədə daha da pisləşib:
“Artıq yoluxanların sayı o qədər artıb ki, reanimasiyalar doludur. Həkimlər çox pis vəziyyətdədirlər. Onların bəziləri çarəsizlikdən ağlayırlar. İnsanlar isə ağırlaşandan sonra həkimə müraciət edirlər. Bu günlərdə hər kəs özünü gözləməlidir. Hesab edirəm ki, növbəti həftələrdə günlük yoluxma 700-dən çox olacaq”.
Qeyd edək ki, Bəhram Bağırzadəni qoşduqları ECMO aparatları ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.