Gürcü ekspert: “Azərbaycan Ordusu dünya səviyyəsində ən müasir orduya çevrilib”

“Azərbaycan Ordusu yalnız regional deyil, dünya səviyyəsində də ən müasir və ən güclü orduya çevrilib”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında hərbi ekspert Vaxtanq Maisaya bildirib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycanda həyata keçirilən hərbi islahatlar təcrübəsindən yararlana bilər: “Azərbaycan milli hərbi sənaye kompleksinin yaradılması məsələsini uğurla həll edib. Ölkədə hərbi məhsullar istehsal olunmaqla yanaşı, yeni silah növləri də işlənib hazırlanır. Həmin silahlar ən müasir hərbi əməliyyatlar şəraitinə çox uyğundur. Azərbaycan Silahlı Qüvvələrinin hərbi məhsullara olan tələbatının təxminən 40 faizini özü təmin edir və bu çox yaxşı göstəricidir”.
V.Maisaya deyib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında olduqca effektiv və güclü müdafiə siyasəti aparır: “Ölkənin hərbi strategiyası yeni hərbi təhlükəsizliyin reallıqlarına ideal olaraq uyğundur. Azərbaycan söszsüz ki, regional səviyyədə silahlanma yarışında lider olaraq həm Gürcüstan, həm də Ermənistanı dəfələrlə qabaqlayır”.
Azərbaycan Ordusunun yaranmasının 102 illiyi münasibətilə təbriklərini çatdıran ekspert hərbçilərimizin beynəlxalq təhlükəsizliyin təmin olunması və sabitliyin gücləndirilməsində müsbət rol oynadığını qeyd edib: “Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq terrorizmlə mübarizədə və sülhməramlı əməliyyatlarda fəal iştirak edir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq komponenti də var. Hər üç ölkənin hərbçiləri birgə təlimlərə qatılır. Bu əməkdaşlıq eneji təhlükəsizliyi sahəsində də həyata keçirilir. Belə ki, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, TAP və TANAP kimi çox mühüm regional və qlobal əhəmiyyətli layihələr regional səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında hərbi qüvvələrin rolunu artırır”.