Rusiya var deyə, Qarabağ ermənilərə peşkəş edilməlidir?!

Azərbaycan xalqını “sülh danışıqları” adı altında uşaq yerinə qoyub başını aldatmaq, özünü “böyük” hesab edənlər üçün ayıb məsələdir. 
Azərbaycan cəmiyyəti Dağlıq Qarabağın düşməndən sülh yolu ilə azad ediləcəyinə heç vaxt inanmayıb və bu gün də inanmır. Buna baxmayaraq, hər dəfə bu mövzuda  danışıqlar ortaya atılanda, insanlarda kül altında qalmış yarıközərən ümid boylanır ki, bəlkə bu dəfə nə isə oldu. Ancaq olmur və təəssüf ki, bu gedişlə olmayacaq da.
Sözsüz ki, indiyədək hər hansı bir yaralı barmağa “məlhəm” ola bilməyən ATƏT-in Minsk qrupunun “üç muşketyorlarının” tez-tələsik bir saatlıq videokonfrası da növbəti görüşlərdən biri idi. Əlbəttə, bu görüş heç də Dağlıq Qarabağ məsələsinin həllinə hesablanmamışdır. Əksinə, bu, sadəcə Qarabağın azad olunmasına növbəti dəfə “pərdə” salmağın nümayişi idi. Çünki Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını bu “qeyri üzvi birləşmələr” heç vaxt anlamayıb və bundan sonra da anlayacaqlarına ümid bəsləmək əbəsdir.
“Bəs nədən videokonfras keçirildi?” sualına gəlincə isə bunu, ötən ay Mingəcevirdə yeni hərbi hissənin açılışı zamanı Azərbaycan prezidentinin “…Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümün qabağından keçir… Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu barədə şübhə olmasın… Beynəlxalq hüququn normaları pozulur, onlara riayət olunmur. Təəssüf ki, “kim güclüdür, o haqlıdır” prinsipi bu gün beynəlxalq münasibətlərdə üstünlük təşkil edir”, deməsindən sonra Ermənistanın təşfişə düşərək, tez hay-həşir salıb Minsk qrupunu “əl altdan” haraya çağırması kimi güman etmək olar. Çünki  bunu konfransda həmsədrlərin ənənəvi olaraq, “Münaqişənin hərbi yolla həlli yoxdur”, demələri də birbaşa təsdiq etdi.
Ancaq, həmsədrlərin təkcə bu ifadəsi deyil, həm də ciddi cəhdlə tərəfləri atəşkəs rejimini möhkəmləndirmək üçün əlavə addımların atılmasına və bununla yanaşı, xalqları sülhə hazırlamağa çağırmaları heç anlaşılan olmadı. Təəssüf ki, bunun qarşısında Azərbaycanın baş diplomatının işğal olunmuş ərazilərdə Ermənistan tərəfinin həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, o cümlədən infrastruktur dəyişiklikləri barədə dediyi sözlər çox yumşaq göründü. Maraqlıdır, niyə indiyədək erməni tərəfinin və Minsk qrupu üzvilərinin qarşısına BMT qətnamələrinin konkret vaxt ərzində həyata keçirilməsi şərt olaraq qoyulmur?! Əks təqdirdə müharibənin qaçılmaz olduğu niyə qətiyyətlə bəyan edilmir?! Məgər, işğalçıların Dağlıq Qarabağda min-bir oyunu – məskunlaşma aparmaları, yüzlərlə sosial yönlü evlər və su elektrik stansiyası tikmələri, xarici şirkətlərlə birgə qızıl çıxarmaları, bir-birinin ardınca magistral yollar çəkmələri, Şuşanı paytaxt etmək istəmələri, Dilqəmi, Şahbazı qanunsuz olaraq illərdir həbsdə saxlamaları və ən nəhayət, Azərbaycanın Silahlı Qüvvələr Günü onun üç rəngli bayrağını hədəf qoyub atəş açmaları Minsk qrupunun müftəxorlarına indiyədək bəlli deyildimi?!
Maraqlıdır, bu “üç muşketyor kimilər” məsələni beynəlxalq hüquq normaları və prinsipləri – BMT, Helsinki Yekun Aktı çərçivəsində nə vaxt həll etdi ki, indi də gəlib xalqları sülhə hazırlamağa çağırış edirlər? Doğrudur, bu “üzvi birləşmələrin” hər biri ayrı-ayrılıqda öz siyasi maraqlarını güdür və özləri bir-birilə, həmçinin, ermənilərlə “eyni qazanda” çox yaxşı qaynayıb qarışırlar. Ancaq bu, nədən Azərbaycanın ərazi bütövlüyünün pozulması naminə olmalıdır? Əslində, Minsk qrupu yaxşı bilir ki, Azərbaycan tərəfi heç vaxt bu haqsızlıqla, üstəlik məğlubedici sülhlə barışmayacaq. Odur ki, onlar bu yolla xalqları sülhə deyil, məhz özləri də anlamadan müharibəyə çağırırlar.
Müharibə demişkən, istənilən dövlət öz haqqı olan maraqlarını hər şeydən üstün tutur və bu əslində normal qəbul edilməlidir. Azərbaycan tərəfi də öz haqq işində dövlət marağını hər bir vətəndaşının nəinki sosial rifahından, hətta canından belə üstün tutmalıdır. Doğrudur, deputat Siyavuş Novruzov müharibənin uşaq oyunu olmadığını bildirməkdə haqlı olsa da, ancaq gərək o, bir şeyi də bilsin ki, otuz ilə yaxındır torpağı işğalda qalan Azərbaycan xalqını da sülh danışıqları adı altında uşaq yerinə qoyub başını aldatmaq, özünü “böyük” hesab edənlər üçün ayıb olan məsələdir.
İşğala son qoymaq üçün Rusiya ilə hansısa danışıqlara getməyə gəlincə isə, bu nə qədər məqsədəuyğun səslənsə də, ancaq bu yolda müsbət nəticəyə nail olmaq səhrada balıq sevdasına düşmək qədər mənasız görünür. Çünki heç kim şübhə etmir ki, indiyədək Qarabağın azad olunması ilə əlaqədar, bağlı qapılar arxasında Rusiyaya bəlkə 10 dəfələrlə müraciət olunub. Ancaq görünür, Dağlıq Qarabağın Kremlin əlində hər iki münaqişə tərəfinə təsiredici alət olması daha çox sərf etdiyindən öz marağından vaz keçmir və keçəsi də deyil. Ömrü çatsa, artıq öz prezidentliyini 2036-cı ilədək sığortalayan və şəxsi kabinetində I Pyotrun portretini  başı üstündən asan Vladimir Putindən Dağlıq Qarabağı Ermənistandan alıb Azərbaycana qaytarmasını isə gözləməyə heç dəyməz.
Putin demişkən, baxın, Rusiya prezidenti öz ölkəsində Qanuna dəyişikliklə bağlı referendumunu keçirdikdən sonra, “Burada, bizdəki siyasi sistemin tamamlanması, sosial zəmanətin və suveren ərazi bütövlüyünün möhkəmləndirilməsi dayanır”, – deyə, dərhal bəyanat verdi. Bunun ardınca isə Rusiya müəyyən məqsədlərlə Ukrayna ərazisində qəfl hücum etmə qabiliyyətinə malik olan 3 hərbi qrup hazırlayıb. “Ukraynforum”un məlumatına əsasən, artıq Ukrayna sərhəddinə Rusiyaya məxsus ümumi sayına görə 87 min hərbçi, 1100 tank, 2600 hərbi zirehli maşın, 1100 artilleriya sistemi, 360 raket sistemi və 18 operativ-taktiki raket kompleksi yerləşdirilib. Bu, Rusiyanın Ukraynaya onu diz çökdürmək üçün açıq təzyiqidir.
Əgər diqqət etsək, Azərbaycan prezidentinin yuxarıda qeyd etdiyimiz – “”kim güclüdür, o haqlıdır” prinsipi bu gün beynəlxalq münasibətlərdə üstünlük təşkil edir”, sözü burada öz təsdiqini tamamilə tapır. Odur ki, hərtərəfli gücə malik olan  Azərbaycan və onun ordusu Dağlıq Qarabağ məsələsində haqlı tərəf kimi niyə  təmas xəttinə canlı qüvvə və silah-sursat toplayıb düşmənə real təzyiq göstərib onu düz yola gətirməyə məcbur etməsin? Müharibə başlayacağı təqdirdə isə Ermənistanın Rusiyadan kömək istəməsi elə də təşfiş doğurmamalıdır, çünki dava Azərbaycanın ərazisində gedəcək. Digər tərəfdən isə Azərbaycanın da müraciət edəbiləcəyi ölkələr az deyil. Ən əsası odur ki, Azərbaycan bu məsələdə tam haqlı tərəfdir. Türklərin haqqını yemək isə çox çətin olur! Qoy, birdəfəlik hamı bilsin ki,  nə Rusiya, nə ABŞ, nə Fransa və ya onların Minsk qrupunun “üzvi birləşmələri” Dağlıq Qarabağı Azərbaycana məcmeyidə gətirib verən deyil. Rusiyaya və ya Putinə ümid edənlər isə bilsin ki, Qarabağ məsələsi 2036-cı ilədək belə qala bilməz. Qarabağ məsələsində Azərbaycan cəmiyyətinin beyninə yeridilmiş “urus qoymur” fikri birdəfəlik dağıdılmalıdır. Digər tərəfdən də Rusiya var deyə, Qarabağ ermənilərə peşkəş edilməlidir?!
Mübariz Azərbaycanlı, müstəqil jurnalist