Kamaləddin Qafarov: “Serbiya və Gürcüstanla ikitərəfli münasibətlərə yenidən baxıla bilər”


“Ermənistanın Tovuzla sərhəddə təxribatını Serbiya və Gürcüstanın birmənalı şəkildə pisləyəcəyini gözlədiyimiz halda, onların bu insidentdə bədnam qonşularımıza gizli şəkildə, dolayı yolla dəstək verməsi haqqında tutarlı faktlara söykənən məlumatlar hər bir soydaşımız kimi, məni də dərindən sarsıtdı”. Bu sözləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov demişdir.

Millət vəkili bildirmişdir ki, 12-14 iyul hadisələri ərəfəsində Gürcüstan üzərindən Ermənistana “KamAZ” avtomobilləri ilə Rusiyadan Serbiya istehsalı olan hərbi ləvazimatlar, o cümlədən minaatanlar və “Qrad” qurğuları üçün launçerlərin daşınması haqqında informasiyalar öz təsdiqini taparsa, bu fakt ölkələrimiz arasında ciddi siyasi polemikaya səbəb ola bilər.

Gürcüstan da, Serbiya da Azərbaycanın dost, yaxın tərəfdaş hesab etdiyi ölkələrdir. Bu ölkələrin Azərbaycana qarşı bu cür düşünülməmiş hərəkətə yol verməsi ciddi suallar doğurur. Azərbaycan hələ iki ay öncə Serbiyaya koronavirus pandemiyası ilə mübarizə üçün humanitar yardım göndərmişdi. Baş nazir Ana Brnabiç bu yardımı Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirmiş, hətta Azərbaycanın 2014-cü ilin daşqınından sonra Serbiyaya ilk yardım edən ölkə olduğunu da xüsusi vurğulamışdı. Digər tərəfdən, Azərbaycan Kosovanın müstəqilliyini tanımır və Serbiyanın ərazi bütövlüyünə dəstəyini hər zaman tam şəkildə ifadə etmişdir. Azərbaycan Serbiyanın yol infrastrukturuna həddən artıq əlverişli şərtlərlə 300 milyon dollardan çox investisya yatırmışdır. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur, bununla bağlı 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamə və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planı imzalanmışdır. Bu sənədlərdə Serbiya tərəfinin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin tərəfdarı olduğu təsdiq olunub. Bütün bunların müqabilində Serbiyanın sözügedən davranışı çoxlu suallar doğurur.

K.Qafarov demişdir ki, Gürcüstanın da bu hərəkəti çox təəccüblü və anlaşılmazdır. Məlum olduğu kimi, bu ölkə xeyli müddət əvvəl öz ərazisindən Ermənistana hərbi yüklərin daşınmasının qadağan edilməsinə dair qərar qəbul edib. Bəs Gürcüstan hökuməti Ermənistana hərbi yüklərin daşınmasına icazə vermirsə, Serbiyadan göndərilən sursat üçün niyə bu məhdudiyyəti tətbiq etməyib? Gürcüstan hakimiyyətinin Ermənistanla Azərbaycan arasındakı son insidentə göstərdiyi mövqeyi çox təhlükəli və anlaşılmayandır. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hər zaman Azərbaycanla strateji əməkdaşlığa önəm verirdi, etiraf edirdi ki, Rusiya ilə 2008-ci ildəki müharibədən sonra Azərbaycanın Gürcüstana iqtisadi dəstəyi olmasaydı, onun ölkəsi çökərdi. Gürcüstanın Azərbaycana qarşı təxribatda iştirakı təsdiqlənərsə, o zaman bu məsələyə təkcə rəsmi Bakı deyil, həmçinin Türkiyə və regionda həyata keçirilən enerji layihələrinin iştirakçısı olan dövlətlər də münasibət bildirməli, Gürcüstan iqtidarının məkrli siyasəti ifşa olunmalıdır.

Millət vəkili xüsusi vurğulamışdır ki, bu məsələnin ciddi və təmkinli şəkildə, dərindən araşdırılması vacibdir. Çünki təxribat ikiqat və hətta üçqat xarakter daşıya, məqsədyönlü şəkildə Azərbaycan-Gürcüstan münasibətlərini gərginləşdirmək üçün həyata keçirilə bilər. Rəsmi Tbilisinin Azərbaycan mediasında dərc olunmuş materiallara sərt reaksiya verməsi, “həm suçlu, həm güclü” fəlsəfəsi ilə hərəkətə cəhd etməsi bu qənaəti bir qədər də gücləndirir. Alınan xəbərlərə görə, bu ittihamlara cavab olaraq Tbilisiyə Gürcüstan ərazisində silah-sursat daşıyan maşın dəstəsinin fotoşəkilləri və digər tutarlı faktlar göndərilib.

K.Qafarov demişdir ki, Gürcüstandan fərqli olaraq Serbiya bu beynəlxalq qalmaqalı obyektiv şəkildə, diqqətlə araşdırmaq niyyətindədir və bu barədə Azərbaycanını müvafiq qurumlarına məlumat verilib.

Millət vəkili sonda bildirmişdir ki, tərəflərə öz rəsmi mövqelərini bildirmək üçün kifayət qədər vaxt və imkan verilib. Serbiya və Gürcüstan Azərbaycana qarşı münasibətdə səhvlərini etiraf edib, bu kimi halların bir daha təkrar olunmayacağına zəmanət verməzlərsə, o zaman bu ölkələrlə ikitərəfli münasibətlərə yenidən baxıla bilər.