Yenidən mənasız danışıqlar prosesini bərpa etmək cəhdləri başlayıb

“Madrid prinsipləri”nə qayıtmağa gərək qalıbmı?
Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı danışıqların yenidən “Madrid prinsipləri” üzərinə qayıtması barədə Rusiyanın mövqeyi açıqlanıb. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, danışıqları tərəflər “Madrid prinsipləri” üzərində davam etdirməlidir.
Bəs, bu yenidən bizim başımızı qatmaqdırmı? Baxmayaraq ki, bu prinsiplər bizim maraqlarımıza ümumən uyğundur. Bakı ATƏT-in Minsk Qrupunun geniş tərkibdə toplanması təklifi üzərində israr etməlidir, yoxsa, danışıqlardan imtina edilməlidir?
Politoloq Elxan Şahinoğlu  bildirdi ki, rusiyalı rəsmilərin yenidən “Madrid prinsipləri”nə qayıtmaq təklifində yeni heç nə yoxdur. Çox təəssüf ki, bunu indi deyirlər, vəziyyət gərginləşdiyi üçün. Bir il idi genişləndirilmiş “Madrid prinsipləri”ni dilə gətirən yox idi. İndi Azərbaycanın qətiyyətli mövqeyini görüb yenidən “Madrid prinsipləri”ni ortaya atırlar: “Hesab edirəm ki, artıq danışıqların Azərbaycana heç bir faydası yoxdur. Rusiya da vaxtı uzatmağa çalışır, vaxtın uzanması Ermənistanın maraqlarına cavab verir. Ermənistan mən düşünmürəm ki, qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı beş rayonun boşaldılmasına razı olsun. Qarşılarında güc görməyincə buna razılaşmayacaq. 30 ilə yaxın mənasız danışıqlar təcrübəsi də bizə bunu sübut etdi. Bəli, ”Madrid prinsipləri” qüsurlarına rəğmən bəyənilmişdi, amma nə olsun, sonuc heç nə oldu.
Ermənistan bu prinsipləri qəbul etmədi, Rusiya və digər həmsədrlər isə bu prinsiplərlə həll planını qəbul etməsi üçün Ermənistana heç bir təzyiq etmədilər. Yenə də eyni vəziyyət yaranacaq. Sakitlikdən istifadə edib yenə də bizi uzun-uzadı nəticəsiz danışıqlara sövq etmək istəyirlər. Amma artıq bizim mövqeyimiz dəyişib. Prezident İlham Əliyev də bəyan edib ki, biz mənasız danışıqlarda gərək iştirak etməyək. Bu yeni Xarici İşlər naziri Ceyhun Bayramova da bir göstəriş idi ki, mənasız danışıqlarda o da iştirak etməsin. Bizim yeganə alternativimiz danışıqlara ara vermək və hərbi təzyiqi artırmaqdır”.
Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, mövcud şərtlər və son hadisələr fonunda danışıqlarla bağlı istənilən xəbəri ciddiyə almamalıyıq. Çünki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli variantı yoxdur. Əgər həmsədrlər Azərbaycanı danışıqlar masasına yenidən oturtmaq istəyirsə, mütləq əsaslı təklif irəli sürməlidirlər: “Həmsədrlər məlum Tovuz hadisələrindən sonra tərəfləri danışıqlar prosesinə qaytarmaq üçün münbit şərait yaratmağa çalışırlar. Bu gün Rusiya Xarici İşlər Nazirliyi belə bir bəyanat verdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ”Madrid prinsipləri” ilə həll edilməlidir. Göründüyü kimi, bu və bu kimi şirnikləşdirici məlumatlarla tərəfləri danışıqlar masasına yenidən qaytarmağa çalışırlar. Lakin son Tovuz hadisələri bir daha onu göstərdi ki, Ermənistan tərəfinin birmənalı olaraq danışıqlar prosesinə marağı yoxdur. Əks təqdirdə dövlət sərhədində təxribat törətməzdilər. Bu, özlüyündə danışıqlar variantının iflas olması və bərpa olunmaması üçün əsasdır”.
Konfliktoloq Əvəz Həsənov isə bildirdi ki, tək Rusiya deyil, ümumiyyətlə, ATƏT-in  Minsk Qrupunun həmsədr ölkələr tərəfləri yalnız “Madrid prinsipləri” əsasında danışıqlar aparmağa həmişə çağırırlar. Zaman da göstərir ki, bundan kənarda, ümumiyyətlə, münaqişənin sülh yolu ilə həllinə gətirə biləcək prinsiplər çox azdır: “Madrid prinsipləri” münaqişə ilə bağlı lazım olan bütün elementləri özündə birləşdirir. Ona görə də “Madrid prinsipləri” qəbul oluna biləcək prinsiplərdir ki, onun ətrafında tərəflər danışıqlar apara bilərlər və o prinsiplərə uyğun sülh razılaşması sənədi hazırlana bilər. Rusiya istəyir ki, Minsk Qrupunun boşluğundan istifadə edib yenidən təşəbbüsü öz əlinə götürsün. İstəyir ki, hegemon sədr funksiyasını əldə etsin. Azərbaycan tərəfi öz mövqeyindən çəkilmirsə və bu gün hərb variantı da rəsmən gündəmdə deyilsə, onda “Madrid prinsipləri” ilə danışıqlara getməyin təhlükəsi yoxdur”.
Konfliktoloq qeyd etdi ki, Azərbaycan Minsk Qrupunun 11 üzvünün Dağlıq Qarabağ məsələsi ilə bağlı xüsusi toplantısının keçirilməsini təklif edir və bunda təkidlidirsə, bu, düzgün addımdır.