Dövlətə və dövlətçiliyə sadiq əqidəyə qulluq edən Nəriman həkim – foto

 

Əziz oxucular!

Bu dəfəki həmsöhbətimiz Tovuz Rayon Mərkəzi Xəstəxanasının Həmkarlar İttifaqının sədri Şirinov Nəriman həkimdir. Söhbət zamanı Nəriman həkim bildirdi ki, ay ərzində ambulator xəstələrimizin sayı yüzdən çox olur: Mən bir həkim kimi  uzun illərdir  buradayam. Xəstəxanamız qəsəbə və qəsəbə ətrafı bir çox kəndlərdən gələn xəstələrə də xidmət göstəririk. Xəstəxanamızda labaratoriya, stamatoloji kabinet, USM aparatı və s. xidmətlərimiz mövcuddur. İstəyirəm biləsiniz ki, Mərkəzi Xəstəxana kimi bütün ləvazimat, iynə-dərmanla təchiz olunuruq. Heç bir dərman, avadanlıq çatışmamazlığımız olmur. Ədalətlə desək, yeni, müasir avadanlıqlar və vacib əhəmiyyətli dərmanların təminatı indi daha da yaxşılaşıb. Siz bu dediklərimi Mərkəzi Xəstəxananın tibb personalından da öyrənə bilərsiniz.

Biz Tovuz Rayon Mərkəzi Xəstəxanası Həmkarlar şurasının sədri Nəriman Şirinovla görüşəndə o bir terapevt kimi işinin başındaydı. Bizimlə müsahibəsi zamanı heç bir xəstəni qapıda gözlətmədi. Onunla söhbətimiz zamanı qolu, ayağı sınan xəstələrlə deyib-gülməsi, xəstələrin əhval-ruhiyyəsinə də xoş təsir bağışlayırdı. Onun xəstələrə davranması diqqətimizi çəkdi. Elə xəstə var idi ki, həqiqətən də üzündən qəm-qüssə yağırdı, lakin Nəriman həkimlə iki kəlmə danışan kimi üzü gülürdü. Hamıyla zarafatlaşan həkim bizim də suallarımızı cavablandırdı.

Öyrəndik ki, Nəriman həkim şəhid ailələrinə, imkansız təbəqədən olan xəstələrə imkanı daxilində müayinə və müalicəni edir. Müqəddəs bayram tarixlərində öz məvacibindən həssas təbəqədən olan rayon sakinlərinə əl tutur. Apreldən bəri ölkəmizdə hökm edən pandemiya şəraitində də möhtərəm Prezidentimizin çağırışına qoşulan Nəriman həkim bu gün də imkansız ailələrə baş çəkir, onları sovqatla sevindirir.

Biz də öz adımızdan həkim sənətinə ləyaqətlə xidmət edən, dövlətə və dövlətçiliyə sadiq əqidəylə qulluq edən Nəriman həkimə işlərində uğurlar diləyir, səmimi duyğularla Tovuz Rayon Mərkəzi Xəstəxanasından ayrılırıq.

Seymur Məmmədov,

“Aztv.news”