“Azərişıq” səkkiz ay ərzində 1088 kənar xətdən istifadə faktı aşkarladı – FOTO/VİDEO

2020-ci ilin yanvar – avqust aylarında “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən Bakı və regionlar üzrə 1088 kənar xətdən istifadə və xüsusi qurğular ilə 12 müdaxilə faktı qeydə alınıb. 

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, itirilmiş enerjinin miqdarı 14 884 492 kVts həcmində olub. Bu isə 1 406 227 manat deməkdir. Oğurluq faktları ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. 

Hər bir istehlakçı bilməlidir ki, uçot komplektinə müdaxilə üsullarının müxtəlif olmasına baxmayaraq, bu gün, aşkarlanmayan qüsur yoxdur.  Belə ki, “Azərişıq” ASC tərəfindən quraşdırılan müasir sayğaclar rəqəmsal olmaqla yanaşı, yük dinamikasına nəzarət funksiyasını və digər əlavə müdaxilə hallarını arxivləşdirən yaddaşa malikdir ki, bu da yerində müdaxilə hallarının aşkarlanması zamanı operativliyi təmin edir. 

“Azərişıq” ASC  qanunsuz yola baş vuran abonentlərə bir daha müraciət edərək,  onları dövlət əmlakını mənimsəməkdən, oğurluq etməkdən çəkinməyə çağırıb.