Millət vəkili məktəblərdə tədrisin hələ bir müddət də distant təhsil formatında davam etdirilməsinin tərəfdarıdır

A.Naxçıvanlı: “Söhbət uşaqlardan gedirsə, bu zaman ən kiçik risk ehtimalına belə yol vermək olmaz”

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Aqiyə Naxçıvanlının Saytımıza verdiyi müsahibəni oxucularımıza təqdim edirik.

– Aqiyə xanım, ilk növbədə bu gün ölkəmizdə COVİD-19 pandemiyası ilə əlaqədar mart ayından tətbiq olunmuş xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

– Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır. Bunun nəticəsidir ki, ölkəmizdə vəziyyət nəzarət altında saxlanılır. COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah son bir ay ərzində karantin rejiminin yumşaldılması barədə bir neçə qərar verib. Növbəti yumşalma qərarı ölkə ərazisində təhsil müəssisələrinin mərhələli şəkildə açılması ilə bağlı oldu. Bundan başqa, artıq avqustun 31-dən Azərbaycanın 10 şəhər və rayonu sərt karantin rejimi zonasından çıxarılıb. Yumşalmalara gedilməsi o demək deyil ki, pandemiya başa çatıb. Əksinə, bəzi Avropa ölkələrində xəstələrin sayında artım müşahidə olunur və bu, bizim hər birimizi daha məsuliyyətli olmağa sövq edir. Daim insanlarımızın sağlamlığını düşünən Azərbaycan Prezidenti cənab İlham Əliyev də hər zaman vətəndaşları buna çağırır. Dövlətimizin başçısı bildirib ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir: “Pandemiyanın ilk günlərindən demişdim ki, bizim üçün insanların sağlamlığı prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik.” Biz hamılıqla məsuliyyətli olmalıyıq ki, aparılan mübarizə də nəticəsini versin və bu mübarizədən xalqımız qalib çıxsın.

– Elm və təhsil komitəsinin üzvü kimi, bu gün ölkəmizdə təhsil sisteminin inkişafı yönümündə dövlət tərəfindən reallaşdırılan layihələri və həyata keçirilən tədbirləri qənaətbəxş hesab edirsinizmi?

– Bu gün tam əminliklə deyə bilərik ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədəki təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Heç kəsə sirr deyil ki, Azərbaycan da təhsillə bağlı siyasəti uğurla həyata keçirən ölkələr sırasındadır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət başçımız tərəfindən tələbələrin təqaüdlərinin artırılması və yüksək bal toplamış tələbələrin dövlət sifarişi ilə təhsil almalarının təmin edilməsi gənclərimizin elm və təhsilə olan maraqlarını əsaslı şəkildə stimullaşdıran bir addımdır. “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi gənclərimizin təhsil almalarına dövlət başçımızın necə böyük önəm verdiyini bir daha nümayiş etdirir.

Bilirsiniz ki, Azərbaycan dövlət büdcəsində təhsilə ayrılan vəsait ümumi büdcə xərcləri arasında ikinci yerdədir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri də məktəb tikintisinin geniş vüsət almasıdır. Son 17 ildə ölkədə 3700-ə qədər məktəb tikilib və əsaslı təmir olunub. Bundan əlavə, universitet binalarının yenilənməsi, təmiri və bərpası da böyük sürətlə və geniş miqyasda həyata keçirilib. Bu il ölkə üzrə 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi Bilik Gününə hazır vəziyyətə gətirilib. Heydər Əliyev Fondu bütün ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək”, ümumiyyətlə dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirib. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Təkcə bu tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.

– Aqiyə xanım, bu gün kimsəsiz, valideyin himayəsindən məhrum olmuş uşaqların da normal təhsil ala bilmələri üçün dövlətimiz və xüsusilə də ölkənin ali qanunvericilik orqanı tərəfindən hansı addımlar atılır?

– Azərbaycan cəmiyyətində təlim-tərbiyə və təhsil məsələsinə hər zaman xüsusi həssaslıq göstərilir. Xüsusi qayğıya ehtiyacı olan, o cümlədən valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqlara dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir, onların problemlərinə həssaslıqla yanaşılır. İnternat müəssisələrindən ayrıldıqdan sonra yaşayış yeri olmayan belə gənclərin yaşayış sahəsi ilə təmin edilməsi üçün tikilən “Məzun Evləri”, onların məşğulluq problemlərinin həlli, sosial xidmətlərin təşkili istiqamətində qəbul edilən sənədlər, habelə Heydər Əliyev Fondu tərəfindən sosial xidmət müəssisələrinin inkişafı istiqamətində görülən işlər onlara olan qayğının əyani nümunəsidir. Həmçinin təhsil qanunvericiliyinin təkmilləşdirilməsi də görülən işlərəin bilavasitə hüquqi təminatını yaratmaq baxımından böyük əhəmiyyət kəsb edir. Parlamentdə “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında” və “Peşə təhsili haqqında” Qanunlar qəbul edilmişdir. Və növbəti parlament sessiyalarında da təhsil qanunvericliyinin zamanın və mövcud vəziyyətin tələblərinə uyğun olaraq təkmilləşdirilməsi nəzərdə tutulur.

– Bildiyimiz kimi, xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı qəbul olunmuş qərarlardan biri də ölkənin təhsil müəssisələrində əyani təhsilin qismən bərpa edilməsini nəzərdə tutur. Yəni, bu gün artıq məktəblər açılıb və həftədə 2-3 gün də olsa uşaqlar ənənəvi formada təhsilə davam edirlər. Bu məsələyə münasibətiniz necədir?

– Birmənalı şəkildə deyim ki, mən bu qərarı qətiyyən dəstəkləmirəm. Çünki söhbət uşaqlardan gedirsə, bu zaman ən kiçik risk ehtimalına belə yol vermək olmaz. İlk növbədə etiraf edək ki, uşaqların toplum şəkildə olduqları bir məkanda onların davranışlarını heç kim tam olaraq nəzarətdə saxlaya bilməz. Xüsusilə də aşağı sinif şagirdləri mütləq bir-biriləri ilə toxunma təmasında olacaq, bir-birilərinin qələm, xətkeş, pozan və sairə kimi əşyalarından istifadə edəcəklər. Bunun qarşısını almaq mümkün deyil. Digər tərəfdən isə məktəb kollektivi sadəcə müəllim və agirdlərdən ibarət deyil. Bura texniki personal da daxildir. Həmçinin ən müxtəlif səbəblərlə məktəbə kənar insanlar da girib-çıxacaqlar. Valideynlər gələcəklər, hər hansı problem yarandıqda, deyək ki, su təchizatında və ya kanalizasiya sistemində təmir işləri tələb olunduqda həmin müəssisəyə kommunal xidmət işçiləri çağırılacaqlar. Yəni bütün bunlar qaçınılmazdır. Eyni zamanda da mövsüm dəyişikliyini nəzərə almaq lazımdır. Bilirik ki, payız və qış aylarında soyuqdəymə və qrip kimi xəstəliklər geniş yayılır. Bu da insanların, xüsusilə də uşaqların immunitetini xeyli zəiflədən bir amildir. Düşünürəm ki, bütün bu və digər amillər nəzərə alınmaqla, məktəblərdə məhdud günlərdə olsa belə, ənənəvi şəkildə təhsilin davam etdirilməsi hələ ki, məqsədəuyğun deyil və bu qərara yenidən baxılmalıdır. Hesab edirəm ki, mövcud şərait nəzərə alınmaqla, xüsusilə orta məktəblərdə hələ bir müddət də tədrisin məhz distant təhsil formatında aprılmasına daha çox üstünlük vermək lazımdır.

aia.az
Elbrus Bağırov