“Qarabağ Seyid Ocaqlarının təmsilçiləri daim Ali Baş Komandanın arxasındayıq”

 

“Ermənistan tərəfindən son günlər ölkəmizə qarşı təxribatların sayı artıb. Bu təxribatlar nəticəsində ordumuzun hərbçiləri şəhid olub. Təəssüf ki, işğalçı ölkə bu gün də Tovuz istiqamətində növbəti təxribata əl atıb. Şübhəsiz ki, bu, adi hadisə deyil və Ermənistanın işğalçı siyasətinin davamıdır”.
Bunu Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.
Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan torpaqlarının işğal olunmasında, təxribatlara əl atılmasında bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür: “Ermənistan rəhbərliyi hər zaman olduğu kimi, yenə də öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq bu addımları atır. Biz iman adamları, on minlərlə inanclı kəsimi özündə birləşdirən Qarabağ Seyid Ocaqlarının təmsilçiləri daim Ali Baş Komandanın arxasındayıq. Prezidentimizin bir əmri yetər ki, şəhadət yolunu seçmiş vətənpərvərlər olaraq torpaqlarımızın bütövlüyü üçün silaha sarılaq.
İndiki məqamda dövlətin, Ali Baş Komandanın və ordunun yanında olmaq iman məsələsidir”.
C.Əzimbəyli Ermənistanın bu təxribatlarına cavab olaraq Qarabağda əməliyyatın başlanılmasının vacibliyinə diqqət çəkib:
“Bütün şəhadət yolçuları, imana silah kimi sarılanlar adına bildirirəm ki, Qarabağda anti-terror əməliyyatinın keçirilməsini dəstəkləyir, şəhadət kəfənimizlə ordumuzda birgə addımlamağa hazırıq. İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə işğal edilmiş bütün torpaqlarımızda bayrağımızın dalğalanması günü uzaqda deyil”.