Ceyhun Bayramov Gürcüstanın baş naziri ilə görüşdü – YENİLƏNİB

Gürcüstanın Baş naziri Giorgi Qaxaria Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edib.

APA-nın xəbərinə görə, görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Müzakirə zamanı tərəflər regiondakı çətinliklərə toxunublar, həmçinin, iki ölkə arasındakı strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. 

“Görüş zamanı Gürcüstan və Azərbaycan arasında müxtəlif formatlarda əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib. Diqqət iki ölkə arasındakı iqtisadi, nəqliyyat və enerji əməkdaşlığına yönəldilib.

Azərbaycanın Gürcüstanın vacib ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. Gürcüstanın Baş naziri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycanın Xarici İşlər nazirinə təşəkkür edib.

Hər iki ölkənin bölgədəki münaqişələrin sülh yolu ilə həll olunmasında maraqlı olduğu qeyd edilib”, – deyə məlumatda qeyd olunub.

13:28

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşü keçirilir.

APA-nın xəbərinə görə, görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrə dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, C.Bayramovun Gürcüstana rəsmi səfəri bu gün başa çatacaq.