KTN sahibkarlara “zərərsizləşdirmə” xidməti göstərir

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya Mərkəzi zərərsizləşdirmə xidmətləri həyata keçirir.

Agentlikdən verilən məlumatda bildirilib ki, zərərverici həşəratlara məsulların istər istehsal, istərsə də saxlanma yerlərində rast gəlinir. Bunlara qarşı sahibkarlar öz imkanları daxilində apardıqları mübarizə tədbirləri lazımı nəticə vermir. Həşəratların məhv edilməsi müasir mübarizə üsulları və avadanlıqları ilə aparılmalıdır.

Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir.

Fumiqasiya tədbirləri sahibkarların müraciəti əsasında həyata keçirilir və xidmət ödənişlidir. Bu xidmətlərdən istifadə etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə “1652” və ya Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya Mərkəzinə ([email protected]) müraciət edə bilərlər.

Qeyd edək ki, zərərsizləşdirmə (fumiqasiya) müxtəlif yoluxucu, həmçinin  təhlükəli xəstəliklərin daşıyıcıları olan zərərverici həşəratların və digər zərərli orqanizmlərin məhv edilməsinə istiqamətlənmiş kompleks tədbirlərdir.