Qarabağda bacarırıq, “Qarabağ” da bacardı, növbə sizindir!

Zaur Xudiyev yazır…

Futbol üzrə daha bir komandamız, bu dəfə ölkənin ən birinci, ən ali komandası – Millimiz rəsmi matçını neytral meydanda keçirəcək.

Xatırlayırsınızsa, bir neçə həftə əvvəl Çempionlar Liqasının lll təsnifat mərhələsində Norveç təmsilçisi “Molde” ilə qarşılaşan “Qarabağ” əslində öz meydanında – Bakıda oynamalı olsa da, norveçlilərin koronavirusla bağlı mövcud pandemiya şəraitini əsas göstərərək haqsız tələbi və UEFA-nın ikili standartları səbəbindən qarşılaşmanı neytral meydanda – Kiprdə keçirmiş, bu qərarın da verdiyi psixoloji yorğunluq səbəbindən mübarizəni dayandırmalı olmuşdu.

Ancaq sonrakı mərhələdə həmin “Qarabağ” elə bir qələbə qazanmışdı ki, ölkə futbol tarixinin ən şərəfli səhifələrində daim ondan bəhs olunacaq. Bu məsələyə bir azdan yenə dönəcəm, indi isə milli komanda haqqında danışmaq istəyirəm.

AFFA-nın təşəbbüsü və UEFA-nın qərarı ilə Azərbaycan yığması da Millətlər Liqasındakı Kipr millisi ilə ev matçını neytral meydanda keçirməli olacaq.

Bunun səbəbi isə işğalçı Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən ölkəmizə qarşı həyata keçirdiyi təxribatlar, xüsusilə son günlər ərzində Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlarımızdan məsafə baxımından xeyli uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin, Xızı və Abşeron rayonlarının artilleriya və raket qurğularından atəşə tutulması, Tərtər, Goranboy, Beyləqan, Bərdə və digər yaşayış məntəqələrimizdə mülki əhalinin hədəfə alınması, dinc sakinlər arasında ölən və yaralananların olması, dolayısı ilə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət olunmamasıdır.

Qitənin ali futbol qurumu yuxarıda bəhs etdiyim kimi, hər nə qədər “Qarabağ” məsələsində haqsız qərar versə də, bu dəfə çox doğru, yerində və bizə sərf edən nəticə çıxarıb.

Niyəsini izah etməyə çalışım.

Ordumuzun işğal olunmuş ərazilərdə böyük şücaət göstərərək, torpaqlarımızı düşmən tapdağından azad etməsi erməni tərəfi cəbhədəki məğlubiyyətləri alçaq addımlar – cəbhə bölgəsindən xeyli uzaqda yerləşən ərazilərimizi raket və artilleriyadan atəşə tutmaqla kompensasiya etməyə məcbur edir. Düşmən raketləri dinc əhalinin sıx olduğu ərazilərə atılır, günahsız, mülki insanlar yaralanır, həlak olur, mülki obyektlərə zərər dəyir. Hər zaman olduğu kimi, beynəlxalq aləmin böyük əksəriyyəti ermənilərin bu vəhşiliyinə göz yumur.

Səngərdəki əsgərə, hərb şəraitində olan ölkəyə hər vətəndaş, hər bir qurum öz sahəsində bacardığı qədər dəstək göstərir. AFFA-nın bu məsələdəki mövqeyi də daha çox strateji addımdır. Oyunun neytral meydana keçirilməsi təşəbbüsü beynəlxalq aləmin erməni vəhşiliklərinə diqqəti yönəltmək məqsədi daşıyır.

Aydın məsələdir ki, koronavirus pandemiyası ilə əlaqədar onsuz da azarkeşiz baş tutacaq oyunda meydan amili həlledici rol oynamır, amma istənilən halda oyun Bakıda baş tutsaydı, millimiz az da olsa, müəyyən üstünlük qazanacaqdı. Lakin bu gün hər birimizi duşündürməli olan ilk məsələ həm cəbhədə, həm də siyasi arenada bu müharibədən qalib ayrılmağımız olmalıdı. Ermənilər isə Xızı və Abşerona raket atıblarsa, Bakı da atəşə məruz qala bilər. Bu vəhşilərdən nə desən, gözləmək olar. Məhz bu məqamda erməni alçaqlığını ən azından dünya futbol ictimaiyyətinə çatdırmaq lazımdı.

Stajlı azarkeşlər yaxşı xatırlayar. AFFA UEFA və FİFA-nın tam hüquqlu üzvü olduqdan sonra iştirak etdiyi ilk turnirdə – AÇ-96-nın seçmə mərhələsində 1994 və 1995-ci illərdəki ev oyunlarını indiki kimi müharibə və ermənilərin təxribatları səbəbindən neytral meydanda – Türkiyənin Trabzon şəhərində keçirməli olmuşdu.

O zaman yenicə yaranmış komanda olan yığmamız cəmi bir oyunda Polşa ilə heç-heçə etmiş, qrupu 1 xalla başa vurmuşdu.

O vaxtdan çox şey dəyişib – şərait də, oyunçular da, dünya miqyasında ölkəmizin yeri də, idmandakı uğurlarımız da.

Digər məsələlər isə qalır futbolçularımızın bacarığına. Necə ki, haqsız qərardan sonra uduzan, ciddi psixoloji zərbə alan, amma Qarabağda əks-hücum əməliyyatlarının başlaması və ordumuzun ard-arda  qələbələr qazanması ilə ruhlanan, cuşa gələn “Qarabağ” Azərbaycan futbolu üçün, haqq savaşına dəstək üçün, Qarabağ adının dünyada təbliği üçün səfərdə “Legiya”nın daşını daş üstə qoymadı, millimiz də eyni əzm, eyni həvəs, istək, bir bacardığını beş göstərməklə qələbə qazanmalı, diqqət çəkməli və diqqəti neytral meydan amilinə, onun səbəblərinə yönəltməlidir.

Bunun üçün yetəri qədər imkanlar da var. Matçın keçiriləcəyi Albaniya millimizin baş məşqçisi Canni De Byazi üçün doğma məkandır. Təsadüfi deyil ki, bu ölkənin milli komandasını tarixində ilk dəfə Avropa Çempionatının final mərhələsinə çıxarmış sinyor Byazi Albaniyanın fəxri vətəndaşıdır. Elə onun başçılıq etdiyi komanda da neytral meydan olsa da, bu ölkədə özünü suda balıq kimi hiss etməlidir.

Uğurlar, milli, uğurlar, komanda! Bu dəqiqə dünyanın diqqətini üzərimizə çəkmək lazımdır.

Qarabağda bunu bacarırıq, “Qarabağ” da bacardı, indi isə növbə sizindir!