Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə növbəti evlər təqdim edilib – FOTO

Bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lerik, Xızı və Qubada yeni inşa olunmuş fərdi yaşayış evləri təqdim edilib.

Nazirlikdən verilən məlumata əsasən, üç rayonda, ümumilikdə, 14 ev (Lerikdə 6, Xızıda 4, Qubada 4 ev) təqdim edilib.

Məlumatda qeyd olunur ki, dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda – azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 664 mənzil və fərdi ev (554 mənzil, 110 fərdi ev) verilib.

Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8 min 252 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.